Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş“Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası elm və təhsil nazirinin əmri

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı  Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq əmr edirəm:

 

1. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdlərinin iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilsin.


2. Müsabiqə mövzularıqiymətləndirmə meyarları və ölkə mərhələsi üzrə müsabiqə komissiyasının tərkibi təsdiq edilsin (1, 2 və 3 nömrəli əlavələr). 


3. Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil edilsin:


3.1. Müsabiqənin ilk mərhələsi 2023-cü ilin fevral–mart ayında rayon və şəhərlərdə;


3.2. ölkə mərhələsi 2023-cü ilin aprel ayında Bakı şəhərində keçirilsin. 


4. Müsabiqənin ölkə mərhələsinin iştirakçıları üçün aşağıdakı qaydada kvota müəyyənləşdirilsin:


4.1. Bakı şəhərindən – 12 (on iki) nəfər;


4.2. Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərinin hər birindən və Abşeron rayonundan – 2 (iki) nəfər;


4.3. digər şəhər və rayonların hər birindən – 1 (bir) nəfər;


4.4. Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki və özəl ümumi təhsil müəssisələrindən ümumilikdə – 10 (on) nəfər.


5. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (Vüsal Xanlarov) təhsilalanların qeydiyyatının və iştirakçılar barədə məlumatların hazırlanmasının həyata keçirilməsi üçün portal.edu.az platformasında müvafiq funksionallığı təmin etsin.


6. Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (Elnur Əliyev), Uşaqların Müdafiəsi İdarəsi (Məlahət Hacıyeva) və regional təhsil idarələri:


6.1.  aidiyyəti ümumi təhsil müəssisələri üzrə müsabiqənin rayon (şəhər) mərhələsinin təşkilini və iştirakçılar barədə məlumatların (şagirdin soyadı, adı, atasının adı, oxuduğu ümumi təhsil müəssisəsi, sinfi, şəxsiyyət vəsiqəsinin FİN kodu, UTİS kodu) portal.edu.az saytına yerləşdirilməsini təmin etsinlər;


6.2. müsabiqənin rayon (şəhər) mərhələsinin təşkili üçün İşçi qrupu və müsabiqə komissiyası yaratsınlar, müvafiq meyarlar əsasında iştirakçıların çıxışını qiymətləndirib birinci mərhələnin qaliblərini müəyyən etsinlər;


6.3. müsabiqənin rayon (şəhər) mərhələsində iştirak edəcək təhsilalanların çıxışlarının video qeydinin aparılmasını təmin etsinlər.


7. Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu), Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsi (Elnur Əliyev), Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev)  müsabiqənin ölkə mərhələsinin təşkilini təmin etsinlər. 


8. Müsabiqənin qalibləri diplom, tərifnamə və qiymətli hədiyyələrlə mükafatlandırılsın.


9. Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsi (Vəfa Yaqublu): 


9.1. müsabiqənin ölkə mərhələsinin nəticələri barədə əmr layihəsini müsabiqə başa çatdıqdan sonra 3 (üç) gün müddətinə hazırlayıb rəhbərliyə təqdim etsin;


9.2. müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.


10. Maliyyə şöbəsi (Rauf Orucov) və Təhsilin iqtisadiyyatı və statistika şöbəsi (Kənan Kərimzadə) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsinlər.


11. Əsaslı Tikinti və Təchizat İdarəsi (Valeh Mirzalıyev) müsabiqənin yekun tədbirinin təşkili, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.


12. İctimaiyyətlə əlaqələr sektoru (Cəsarət Valehov) əmrin və 1,2 nömrəli əlavələrinin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etsin. 


13. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (Rəşad Xanlarov) əmrin və 1,2 nömrəli əlavələrinin müvafiq struktur bölmələrə və yerli təhsili idarəetmə orqanlarına çatdırılmasını təmin etsin.


14. Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunsun.


Əsas: “Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nın icrası ilə əlaqədar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2022-ci il 14 dekabr tarixli F-709 nömrəli əmri. 
 

Emin ƏMRULLAYEV,
Azərbaycan Respublikasının elm və təhsil naziri
3 fevral 2023-cü il
3-29/3-2-32F/2023