Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2015-ci il tarixli 998 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı məktəblilərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, şagirdlərin intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunması məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “İslam Həmrəyliyi ili”nə həsr olunmuş intellektual oyun üzrə 2017-ci ilin regional məktəb çempionatı keçirilsin.
2. Çempionatın Təşkilat Komitəsi (əlavə 1) və keçirilmə qaydaları (əlavə 2) təsdiq edilsin
3. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, Nazirliyin bilavasitə tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları çempionatın keçirilmə qaydalarına ciddi əməl etməklə yarışın yüksək səviyyədə təşkili və keçirilməsini təmin etsinlər.
4. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) çempionatın keçirilməsi üçün lazımi təşkilati işləri həyata keçirsin və bununla bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.
5. Maliyyə şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.
6. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) çempionatın keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.
7. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet səhifəsində yerləşdirilməsini, əmr və əlavələrin çoxaldılaraq yerlərə göndərilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.
Əsas: Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin 2017-ci il üçün İş planı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
19 may 2017-ci il
№55
Əlavə