Zəngilan rayon Uşaq-gənclər inkişaf mərkəzinin təşkilatçılığı ilə "Zəngilana qayıdırıq" adlı tədbir keçirilib.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, Zəngilan rayonu üzrə təhsil sektorunun müdiri Kənan İmaməliyev, idarə əməkdaşları, məktəb direktorları, dərnək rəhbərləri, dərnək üzvləri və qonaqlar iştirak ediblər.
Əvvəlcə müxtəlif dərnəklərin üzvlərinin rəsm əsərlərindən və əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sərgidə vətənpərvərlik, dövlət rəmzlərimiz, Zəngilanın təbiətini, coğrafiyasını, adət-ənənələrini əks etdirən rəsmlər və əl işləri nümayiş olunub.
Tədbirdə çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov təşkilatçılara öz təşəkkürünü bildirib, Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda yaradılan təhsil infrastrukturundan danışıb.
Daha sonra tədbir dərnək üzvlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.
Sonda sərginin təşkil olunmasında əməyi olan dərnək rəhbərləri və dərnək üzvləri təşəkkürnamə ilə təltif olunub.