07.06.2024

“Təhsilverənlərin maaşı sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq diferensial formada artırılır”

İyunun 6-da STEAM İnnovasiya Mərkəzində təhsilverənlərin sertifikatlaşdırılmasına dair media nümayəndələri üçün məlumatlandırıcı sessiya keçirilib. Tədbirdə çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov sertifikatlaşdırmanın əhəmiyyətindən söz açıb. Prosesin təhsilverənlərin maaşına təsirindən danışan agentlik direktoru qeyd edib ki, 2022-ci ildən etibarən əməkhaqqı sertifikatlaşdırma nəticəsinə uyğun olaraq diferensial formada artırılır. Onun sözlərinə görə sertifikatlaşdırmadan uğurla keçən müəllimin orta aylıq maaşı 1300 manata qədərdir.

 

Daha sonra çıxış edən MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli sertifikatlaşdırmanın üstünlüklərinə toxunub. O bildirib ki, sertifikatlaşdırmanın nəticələrindən gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində istifadə olunması nəzərdə tutulur. Müəllimlər sertifikatlaşdırma prosesində toplanılan bal əsasında da iş yerlərini dəyişmək imkanı əldə edirlər.

 

Sessiyanın sonunda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.