Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Laçın rayonu üzrə ümumi təhsil müəssisələri arasında təşkil edilmiş müsabiqələrin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov, Laçın rayonu üzrə təhsil sektorunun müdiri Nicat Həsənov, Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin Laçın rayonu üzrə gənclər və idman sektorunun müdiri Natiq Mustafayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan YAP-ın Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısında xidmətləri əvəzsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz ümummilli lider Heydər Əliyevin zəkasının işığında qədəm qoyub. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan dahi şəxsiyyətin həyat amalının təntənəsidir. Azərbaycanın hər bir uğuru ulu öndərin adı ilə bağlıdır. Ümummilli liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradılıb.
Daha sonra çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi xüsusi diqqət və qayğıdan söz açaraq yeni məktəblərin tikintisi, ali təhsildə əhatəliliyin artırılması, xaricdə təhsil ənənəsinin yaradılması baxımından ümummilli liderin rolundan bəhs edib. Fuad Bədəlov ulu öndərin 101 illik yubileyi münasibətilə təhsil müəssisələrində çoxsaylı tədbirlərin keçirilməsinin müstəqillik tariximizin şagirdlərə düzgün çatdırılması və bu istiqamətdə ideoloji işin təşkili baxımından önəmli olduğunu vurğulayıb.
Sonda müsabiqələrin nəticələrinə əsasən qaliblərə diplomlar, fəxri fərmanlar təqdim edilib.