Mayın 6-da Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və tabe sektorlar arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futbol çempionatı keçirilib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yarış dövlət himninin səsləndirilməsi ilə başlayıb. Yarışın açılışında çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov ulu öndər Heydər Əliyevin ölkəmizin idman siyasətinin həyata keçirilməsi sahəsindəki əvəzsiz xidmətlərindən, bu siyasətin bu gün də uğurla davam etdirilməsindən bəhs edib.
Qeyd edək ki, çempionatda idarəni və rayonları təmsil edən komandalar iştirak edib. Yarışın sonunda qalib komanda kubok, medal və diplomla təltif olunub.