"Böyük Qayıdış"ın ilk ünvanı olmuş Zəngilan rayon Ağalı kənd tam orta məktəbində Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçirilib.
Tədbirdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə və sektor əməkdaşları, məktəb müəllimləri, bağçada çalışan tərbiyəçi-müəllimlər, şagirdlər, onların valideynləri iştirak ediblər.
Bayram mərasimində adət-ənənələrimizin nümayiş olunduğu guşə yaradılıb, həmçinin Novruz bayramının bolluq və bərəkət rəmzi olan səməni, müxtəlif şirniyyat və mətbəx nümunələri süfrələri bəzəyib.
Məktəb şagirdləri və məktəbəqədər təhsil müəssisələrinin uşaqları baharın gəlişinin müjdəçisi olan Novruz bayramına aid şeirlər səsləndirib, mahnılar ifa edib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları bayram şənliyinə xüsusi gözəllik qatıb.
Tədbir çərçivəsində Bakıda fəaliyyət göstərən digər Zəngilan rayonu üzrə ümumi təhsil müəssisələrinin kollektivləri tərəfindən Ağalı kənd tam orta məktəbinə göndərilən əl işləri, rəsmlər təqdim edilib, şagirdlərə hədiyyələr paylanılıb.
Eyni zamanda hal-hazırda Ağalı kənd tam orta məktəbində oxuyan şagirdlərə əvvəl birlikdə təhsil aldıqları sinif yoldaşları tərəfindən göndərilən məktublar çatdırılıb, onların bir neçəsi tədbirdə səsləndirilib.
Sonda məktəbin həyətində bayram tonqalı qalanıb, qonaqlar, müəllimlər və şagirdlər "Cəngi" sədaları altında dövrə vurublar.