15.01.2024

Azərbaycanın Milli Qəhrəmanı Əliyev Vasili Əhməd oğlunun anadan olmasının 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

15 yanvar tarixində Q. İlyasov adına Qubadlı şəhər 1 nömrəli tam orta məktəbdə Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsi şəhidi Əliyev Vasili Əhməd oğlunun anadan olmasının 65-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Çıxış edənlər Vasili Əliyevin qısa və şərəfli ömür yolundan, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın tanıdılmasının əhəmiyyətindən danışıblar.

 

Tədbir Vasili Əliyevin həyat və döyüş yolundan bəhs edən videoçarxın göstərilməsi, şagirdlərin vətənpərvərlik mövzularında hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.