29.12.2023

Kəlbəcər rayonu üzrə ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri ilə görüş keçirilib

28 dekabr tarixində Gəncə şəhərində Kəlbəcər rayonu üzrə ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri ilə ilin yekunları, əldə olunan uğurlar, qarşıya qoyulan hədəflər, nəticələrin geniş təhlili mövzusunda görüş keçirilib.

 

Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, idarə və sektor əməkdaşları, ümumi təhsil müəssisələrinin direktor və direktor müavinləri iştirak ediblər.

 

Çıxış edən Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov Böyük Qayıdış çərçivəsində işğaldan azad olunmuş torpaqlarda tikilən və tikintisi davam edən məktəblərdən, İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rasionallaşdırılmasından, 2023-2024-cü tədris ilində məktəblərin perspektiv fəaliyyət istiqamətlərindən danışıb.

 

Daha sonra çıxış edən idarənin əməkdaşı Əli Əliyev 2022-2023-cü tədris ilində məktəblərin IX və XI sinif buraxılış imtahanlarının, olimpiada nəticələrinin əvvəlki illərlə müqayisəli təhlilindən, buraxılış imtahanlarının nəticələrinin yaxşılaşdırılması ilə bağlı işlərin daha da sürətləndirilməsinə, qarşıya çıxan problemlər və onun həlli yollarının aradan qaldırılması üçün atılacaq addımlardan bəhs edib.

 

Görüşün sonunda məktəb direktorları və müavinlərin iştirakı ilə müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.