Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ-nin Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə birgə həyata keçirdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” adlı pilot layihə çərçivəsində 27 noyabr 2023-cü il tarixində görüş keçirilib.
Görüşün əsas məqsədi layihə haqqında məlumatın təqdim olunması, görülmüş işlərin müzakirəsi, müvafiq qurumlar və məktəblər arasında təcrübə mübadiləsinin aparılması və uşaq müdafiəsi və təhlükəsizliyində əsas rolu olan tərəflərlə əlaqələrin gücləndirilməsi olub.
Tədbirdə açılış nitqi ilə ARTİ-nin direktor səlahiyyətlərini icra edən Elnur Əliyev çıxış edib. O, ARTİ tərəfindən icra olunan “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” pilot layihəsi çərçivəsində görülən işlərdən bəhs edib, layihənin həyata keçirilməsində əməyi keçənlərə uğurlar arzu edib.
Bundan sonra, görüşdə müxtəlif tərəflərin çıxışları olmuş, sual-cavab sessiyası keçirilmişdir. Belə ki, əsas fəaliyyət istiqamətləri və ümumi statistik göstəricilər daxil olmaqla layihə haqqında ümumi məlumatı tədbir iştirakçıların diqqətinə ARTİ-nin Layihələrin idarə olunması şöbəsinin müdiri səlahiyyətlərini icra edən Həbibə Nəzirova çatdırıb. Əlavə olaraq, BMT-nin Uşaq Fondunun “Uşaq müdafiəsi proqramı”nın rəhbəri Vüqar Salmanov Uşaq Müdafiəsi və Təhlükəsizliyi (UMT) mexanizmi və onun işləmə prinsiplərindən bəhs edib. Bakı şəhər Baş Polis idarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktiki işin təşkili şöbəsinin baş inspektoru Kəmalə Ələkbərova yetkinlik yaşına çatmayanların hüquq pozuntusu törətməsinə təsir edən sosial-psixoloji amillərdən danışıb və baş verə biləcək hadisələrinin qarşısının alınması üçün vaxtında aidiyyəti qurumlara məlumat verilməsinin vacibliyini qeyd edib.
Tədbirdə həmçinin, layihənin əhatə dairəsinə daxil olan məktəblərin nümayəndələri Bakı şəhəri 13 saylı tam orta məktəbin direktoru Yaqut Sadıqova və Bakı şəhəri 258 saylı tam orta məktəbin psixoloqu Şəhla İbrahimova çıxış edib. Onlar, görüşün iştirakçılarına UMT komandalarının işi, layihə çərçivəsində məktəbdə keçirilən iclas və görüşlər, məktəb şagirdlərinin iştirakı təşkil olunan silsiləli tədbirlər, oyunlar şəklində həyata keçirilən korreksiya işləri eləcə də əldə olunan nəticələr haqqında məlumat verib.
Tədbirin yekununda qonaqlarla birgə mövzu ətrafında müzakirələr aparılıb.