26.09.2023

Azərbaycan dilində elektron təhsil resurslarının sayı artırılır

Azərbaycandilli elektron məzmunun yaradılması və tədrisdə tətbiqi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən hər il elektron resurslar hazırlanaraq istifadəyə verilir. Hazırda www.video.edu.az portalında ümumtəhsil və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə videodərslər, “Khan Academy” dərsləri olmaqla ümumilikdə 17 317 resurs mövcuddur.

 

2023-cü il ərzində ümumtəhsil istiqaməti üzrə 1 083, peşə təhsili üzrə 720 və ali təhsil üzrə 500 olmaqla ümumilikdə 2 300-dən çox videoməzmun yaradılıb və portalda yerləşdirilib. İlin sonunadək əlavə 3 000 elektron dərsin hazırlanması nəzərdə tutulub.

 

Videodərslər ümumtəhsil pilləsi üzrə təhsil proqramına əsasən hazırlanıb. Elektron resurslar təhsilalanların müstəqil öyrənməsi, tədrisin hibrid təşkili baxımından əhəmiyyətlidir.

 

Peşə təhsili istiqamətində hazırlanmış videodərslər isə bu müəssisələrin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları, eləcə də özəl sektor mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun tərtib olunub.

 

Qeyd edək ki, növbəti illərdə elektron tədris resurslarının sayının 40 000-ə çatdırılması nəzərdə tutulub.