19.06.2023

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri sertifikasiya imtahanında iştirak edəcək müəllimlərə müraciət edib

Əziz müəllimlər,

 

Bildiyiniz kimi sahib olduğunuz bilik və bacarıqların qiymətləndirilməsi, müvafiq göstəricilər əsasında sosial rifahınızın yaxşılaşdırılması və gələcəkdə keyfiyyətli təhsilə əlçatanlığın artırılması məqsədilə 20-24 iyun tarixlərində sertifikasiya prosesinin test imtahanı mərhələsinə cəlb olunursunuz.

Gələcəyimizin necə və hansı formada olması sizlərin yetişdirdiyi gənc nəsillərdən asılıdır. Biz gələcəyimizi vətənpərvər, savadlı, bacarıqlı, müasir tələblərə cavab verən gənclərə əmanət edirik. Buna nail olmaq üçün sizin kimi savadlı, bacarıqlı, müasir tələblərə cavab verən və bunu iştirak edəcək imtahanda yüksək nəticələrə sahib olaraq göstərəcək müəllimlərə ehtiyacımız var.

Qeyd etmək istəyirəm ki, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 1656 nəfər ibtidai sinif, 532 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla ümumilikdə 2188 nəfər müəllim sertifikasiya prosesinin test imtahanı mərhələsində iştirak edəcək.

Bu imtahanda öz bilik və bacarıqlarınız ilə yüksək nəticə göstərəcəyinizə inanır və sizlərə uğurlar arzulayıram.

 

Hörmətlə,

Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov