25.05.2023

“Peşəkar İdarəçi” (Pİ) müsabiqəsinə elektron müraciətlərin qəbulu yekunlaşıb

Müsabiqəyə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə 114 nəfər namizəd müraciət etmişdir ki, onlardan 101 nəfərin qeydiyyat məlumatlarının müsabiqə şərtlərinə uyğun olduğu müəyyənləşdirilmişdir.

 

Növbəti mərhələdə namizədlər qiymətləndirmə (test imtahanı) mərhələsində iştirak hüququ qazanıblar. Bu mərhələdə namizədlərin idarəetmə bacarıqları, əmək və təhsil qanunvericiliyi üzrə bilikləri, məntiqi təfəkkürü yoxlanılacaq. Test imtahanı mərhələsində müvafiq keçid balını (iştirakçı sayı və nəticələrə nisbətdə müəyyənləşdiriləcək) toplamış namizədlərin nəzəri və praktiki bilikləri (tədrisin təşkili və keyfiyyəti, məzmun və qiymətləndirmə, kadr məsələləri, maliyyə-təsərrüfat məsələləri, hüquqi biliklər) yazı işi (esse) mərhələsində yoxlanılacaq.

 

Yazılı imtahan mərhələsində uğur qazanmış şəxslər təlimlərə cəlb olunacaq. Təlimlər başa çatdıqdan sonra təcrübəkeçmə dövrü başlayacaq. Namizədlərin esse mərhələsində əldə etdiyi nəticələrə, həmçinin bilik-bacarıq və kompetensiyalarına uyğun olaraq təcrübəkeçmə mərhələsində iştirakı təmin olunacaq.

 

Təcrübəkeçmə mərhələsində namizədlər kuratorlar təhkim olunmaqla 4 modul üzrə təcrübə keçəcəklər:

I modul: Kadr inzibatçılığı;

II modul: Maliyyə-təsərrüfat məsələləri;

III modul: Tədrisin təşkili və idarə olunması;

IV modul: Tədrisin keyfiyyəti və qiymətləndirilməsi