05.06.2023

Ümumi və məktəbəqədər təhsil mövzusunda media nümayəndələrinin iştirakı ilə kommunikasiya görüşü keçirilib

İyunun 5-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi və məktəbəqədər təhsil mövzusunda media nümayəndələrinin iştirakı ilə kommunikasiya görüşü keçirilib. Görüşdə ibtidai təhsil səviyyəsi üzrə yenilənmiş dərsliyin məzmunu, IV sinif monitorinqlərinin məqsədi, təhlil nəticələri və növbəti tədris ilində görüləcək işlər əsas müzakirə mövzuları olub. 

 

Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev qeyd edilən mövzular barədə danışaraq məlumat verib ki, bu il 150 minə yaxın 4-cü sinif şagirdi qiymətləndirmə monitorinqinə cəlb olunacaq. Növbəti mərhələdə şagirdlərin biliyinin qiymətləndirilməsinə dinləyib-anlama bacarığı da əlavə olunacaq. Şöbə müdiri həmçinin vurğulayıb ki, monitorinq nəticələrinin şagirdin sinifdən sinfə keçməsinə heç bir təsiri yoxdur. 

 

Təhsilin keyfiyyəti ilə bağlı islahatlardan söz açan Elnur Əliyev qeyd edib ki, məktəblərdə fənlərin standartlarına baxılması üçün müzakirələrə başlanılıb. Şöbə müdiri eyni zamanda məktəbəqədər təhsil müəssisələrində görülən işlər barədə məlumat verib və növbəti ayda bağçalara uşaqların qəbuluna başlanılacağını bildirib.

 

Elnur Əliyev daha sonra məktəbli formaları, şagird davranış qaydaları ilə bağlı məsələlərə də aydınlıq gətirib, media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.