İyunun 6-da ADA Universitetində Qazax Müəllimlər Seminariyası/ADA Universiteti Qazax Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Qarabağ Dirçəliş Fondu və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə “Azərbaycanın gənc qurucuları” adlı ilk layihə əsaslı öyrənmə olimpiadasının final mərhələsi keçirilib.
"Qarabağın bərpası şagirdlərin gözü ilə" şüarı altında keçirilən olimpiadada Azərbaycanın 37 şəhər və rayonundan 5-7 nəfərdən ibarət komandalar şəklində ümumilikdə 735 şagird işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində hazırladıqları layihələri təqdim ediblər. Olimpiadada Laçın rayon Taxtakörpü qəsəbə tam orta məktəbin "Qayıdış" komandası III yerə layiq görülüb.
Qeyd edək ki, “Azərbaycanın gənc qurucuları” olimpiadasının məqsədi şagirdlərin layihə əsaslı biliklərə yiyələnməsinin təmin edilməsi, onları Qarabağla bağlı bilikləri təcrübədə istifadə etmələrinə təşviq etmək, eləcə də onların araşdırma və təqdimat bacarıqlarının, dəyərləndirmə və yaradıcılıq təfəkkürlərinin inkişafına dəstək olmaqdır.
Şagirdlərimizi təbrik edir, uğurlar arzulayırıq.