Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır.
Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərin sənəd qəbulu noyabrın 11-dən dekabrın 7-dək həyata keçiriləcək.
İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı tələb olunan sənədləri rayon təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər:
-Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
-Şəxsiyyət vəsiqəsinin notarius tərəfindən təsdiq olunmuş surəti;
-3x4 ölçüdə 2 ədəd rəngli fotoşəkil;
-Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) notarius tərəfindən təsdiq olunmuş surəti;
-Ümumi orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayış;
-Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanında iştirak etməlidirlər.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Əlavə sualı olan vətəndaşlar Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin 077 344 66 65 “Qaynar xətt” nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə eksternat qaydada imtahanlarda iştirak barədə ərizə təsdiq edilməyəcək və ərizəçinin əlaqə nömrəsinə bu barədə müvafiq bildiriş göndəriləcəkdir.