Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəbləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı vəzifələrinə işə qəbul üçün müsabiqə elan edir.
Noyabrın 1-dən etibarən ümumi təhsil müəssisələrində vakant tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, eləcə də məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə işə qəbul prosesi ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İdarəsi tərəfindən sənəd qəbuluna başlanılacaq.
İşə qəbul prosesi qeydiyyat, sənədlərin qəbulu və yoxlanılması, test və müsahibə olmaqla 4 mərhələdə həyata keçiriləcək.
Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək.
Namizədlər üçün tələblər:
- Pedaqoji ixtisas üzrə ali təhsil;
- 3 ildən az olmayaraq pedaqoji staj;
- Hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.
Üstünlük veriləcək namizədlər:
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə və ya diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə əldə etmiş şəxslər;
- Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə ehtiyat kadr siyahısına daxil edilmiş, test imtahanı mərhələsində uğur qazanmış, müsahibədə iştirak etməmiş namizədlər.
Müraciət etmək istəyən namizədlər tələb olunan sənədləri (şəxsiyyət vəsiqəsi, əmək kitabçası, ali təhsil haqqında sənədin və əlavənin sürəti) Şərqi Zəngəzur Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim etməlidirlər.
Təqdim olunmuş sənədlərə əsasən namizədin tələblərə uyğunluğu yoxlanıldıqdan sonra onlar müvafiq olaraq test və ya müsahibəyə dəvət olunacaqlar.
Aşağıdakı keçiddən istifadə edərək Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblər üzrə vakansiyalarla tanış ola bilərsiniz: