14.10.2022

Ağalı kənd tam orta məktəbində ilk idman festivalı

14 oktyabrda Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, məşqçi-müəllimlər, fiziki tərbiyə müəllimləri və idmançılardan ibarət heyətin Zəngilan rayonunun Ağalı kəndinə səfəri təşkil olunub.

Ağalı kənd tam orta məktəbinin kollektivi və şagirdləri ilə keçirilən görüşdə ərazilərimizin düşmən əsarətindən azad edilməsinin və əhalinin yenidən qayıdışının, burada təhsilin bərpa olunmasının tarixi hadisə olduğu qeyd edilib, gənc nəslin fiziki və mənəvi cəhətdən inkişafında, onların sağlamlığının təmin edilməsində, vətənin müdafiəsinə hazır olmalarında idmanın və bədən tərbiyəsinin əhəmiyyətindən danışılıb.

Tədbirdə çıxış edən təhsil sahəsində çalışan və idman sahəsində yüksək nəticə əldə edən idmançılar məktəblilərə uğur hekayələrindən danışıb, onları maraqlandıran suallara cavablar verilib.

Daha sonra Ağalı kənd tam orta məktəbində idman festivalı çərçivəsində təhsil alan məktəblilərin iştirakı ilə basketbol, futbol, badminton idman növləri üzrə yarışlar keçirilib, TOPs proqramına uyğun estafet oyunları təşkil edilib, qaliblərə mükafatlar təqdim olunub.

Səfər çərçivəsində Ağalı kənd tam orta məktəbində təhsil alan bütün şagirdlərə idman ləvazimatları, geyimlər təqdim edilib, məktəbə xatirə hədiyyələri verilib.

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd işğaldan azad olunmuş ərazilərdə təhsilalanlar arasında sağlam həyat tərzinin təbliği, idmana olan marağın artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsindən ibarət olub.


Açar sözlər: ,