16.09.2022

Zəngilanda ilk dərs günü

15 sentyabr - Bilik Günündə işğaldan azad olunmuş torpaqlarda tikilən ilk ümumi təhsil müəssisəsi olan Zəngilan rayon Ağalı kənd tam orta məktəbinin şagirdləri üçün ilk təhsil zəngi çalınıb.

Bilik günündə Azərbaycan Respublikası Elm və Təhsil naziri Emin Əmrullayev, Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, müəllimlər, şagirdlər, Ağalı kənd sakinləri iştirak ediblər.

İlk dərs günü Dövlət Himninin səslənməsi ilə başlayıb, daha sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev yeni tədris ilinin başlanması münasibətilə şagirdləri və müəllimləri təbrik edib, onlara uğurlar arzulayıb, 2022-2023-cü tədris ilində qarşıda duran aktual məsələlərdən danışıb.

Daha sonra Prezidentin Zəngilan rayonu üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev, məktəbin fizika müəllimi Fəxriyyə Hacıyeva, Ağalı kənd sakini, məktəbin valideyni Fərmayıl İsmayılov da çıxış edərək yeni tədris ilinin başlanması münasibətilə şagirdləri təbrik ediblər.

Daha sonra iştirakçılar yeni tikilmiş məktəbdə tədris prosesi ilə yaxından tanış olublar.

Bildirilib ki, Ağalı kənd tam orta məktəbi iki mərtəbəli 360 şagird yerlikdir. Yeni tikilən məktəbdə 13 sinif otağı ilə yanaşı fənn kabinetləri, laboratoriyalar, informatika kabineti, texniki otaqlar, tibb otağı, psixoloq otağı, oğlanlar və qızlar üçün ayrı olmaqla soyunub-geyinmə və duş otaqları var. Bundan əlavə, kitabxana, oxu zalı, geniş və işıqlı akt zalı, məktəbin həyətində müasir tələblərə cavab verən idman meydançası mövcuddur.

Məktəbin bütün sinif otaqları və akt zalı ağıllı löhvələr və akustik səs sistemi ilə təchiz olunub, siniflərdə, akt zalında,  dəhlizdə kameralar quraşdırılıb.

Qeyd edək ki, 2022-2023-cü tədris ilində Ağalı kənd tam orta məktəbində 65 nəfər şagirdin təlim-tərbiyəsi ilə 14 nəfər müəllim məşğul olacaq.

 


Açar sözlər: