Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin şagirdlərinə “Smart təhsil kartları” təqdim edilib.
“Smart təhsil kartı” layihəsi Elm və Təhsil Nazirliyi, Mərkəzi Bank, “Kapital Bank” ASC və “Mastercard” beynəlxalq kart təşkilatının dəstəyi ilə Ağalı kəndində yaradılmış nağdsız ödəniş infrastrukturundan istifadənin stimullaşdırılması məqsədilə tətbiq edilib.
Layihə çərçivəsində həm məktəbli kartı, həm də nağdsız ödənişlərin həyata keçirilməsinin dəstəklənməsi funksionallıqlarını özündə birləşdirən smart təhsil kartları 47 şagirdə təqdim edilib. Təqdim olunan smart kartlar şagirdlərə məktəbə giriş, eyni zamanda, məktəbin yeməkxanasında nağdsız ödəniş formasından istifadə etmək imkanı verəcək.
Qeyd edək ki, sözügedən kartlar ölkənin bir sıra peşə və ali təhsil müəssisələrində tətbiq olunur. “Smart təhsil kartı” müəllim və tələbələrə universitet, kitabxana və oxu zallarına giriş imkanı verməklə yanaşı, eyni zamanda təqaüdlərin alınması, ölkə daxili və xaricində istənilən ödənişlərin həyata keçirilməsi funksionallıqlarını özündə ehtiva edir.