09.09.2022

Qubadlı rayonu üzrə yüksək bal toplayan məzunlarla görüş

Qubadlı rayonu üzrə ali məktəblərə qəbul imtahanlarından 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, məktəb direktorları, müəllimlər, valideynlər və məzunlar iştirak ediblər.

Görüşdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri çıxış edərək ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışıb, məzunlara uğurlar arzulayıb. Bildirib ki, 2021-2022-ci tədris ilində Qubadlı rayonu üzrə ali məktəblərə sənəd vermiş 573 nəfər məzundan 421 nəfəri tələbə adını qazanıb. Onlardan 25 nəfəri 600-700, 44 nəfəri isə 500-600 arası bal toplayıb.

Qeyd edək ki, bu il tələbə adını qazanan məzunlarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı, Vətən müharibəsi şəhidi Şükür Həmidovun qızı Əzizə Şükürovadır. Şükür Həmidovun atası Nəriman Həmidov da çıxış edərək məzunları təbrik edib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

Görüşdə direktorlar, müəllimlər, məzunlar və onların valideynləri də çıxış ediblər.

Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov tələbə adını qazanan bütün məzunları, onların valideynlərini təbrik edib, müəllimlərə öz təşəkkürünü bildirib.

Sonda yüksək bal toplayan məzunlara qiymətli hədiyyələr təqdim olunub.