02.08.2022

Azərbaycan-Türkiyə müəllimlərinin yay düşərgəsi

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Bursa Azərbaycan Həmrəylik və İnnovasiya Dərnəyinin (Bursa Azerbaycan İnovasyon ve Dayanışma Derneği) birgə təşkilatçılığı, Bursa Şəhər Milli Təhsil İdarəsi (Bursa İl Milli Eğitim Müdürlüğü), Bursa Böyükşəhər Bələdiyyəsi (Bursa Büyükşehir Belediyesi) və Birlik Vəqfi (Birlik Vakfı Bursa Şubesi) Bursa şöbəsinin təşkilatı dəstəyi ilə  23-30 iyul 2022-ci il tarixlərində Türkiyənin Bursa şəhərində “Türkiyə-Azərbaycan Müəllimlərinin Yay Düşərgəsi” layihəsi həyata keçirilmişdir.

Layihədə Cəbrayıl rayon Tatar kənd tam orta məktəbin riyaziyyat müəllimi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının Cəbrayıl rayonu üzrə koordinatoru Murad Rəsulzadə də iştirak etmişdir. Layihə çərçivəsində Murad Rəsulzadə "Sinfin idarəolunması", "Məktəb mühiti və təşkilati mədəniyyət", "Psixoloji sağlamlıq", "Ağıl və zəka oyunlarının tədrisə inteqrasiyası", "Məktəbdənkənar fəaliyyətin təşkili", "Ünsiyyət və bədən dili" təlimlərində iştirak etmiş, layihəyə Türkiyədən qoşulan müəllimlərlə birlikdə qarşılıqlı təcrübə mübadiləsi aparmışdır.

Layihədə uğurla iştirak etdikləri üçün müəllimlərimizi təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.