30.06.2022

Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

İyunun 30-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması sektorunun müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. 

 

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb.  Şagirdlərimizin beynəlxalq olimpiada nəticələrinin ildən-ilə yaxşılaşdığını diqqətə çatdıran Emin Əmrullayev deyib ki, Azərbaycanın bütün beynəlxalq olimpiadalarda göstərilən nəticələrə əsasən tutduğu yerlər yüksək qiymətləndirilməlidir və hər olimpiadadan medalla geri dönüş sevindirici bir haldır. 

 

İşğaldan azad edilmiş ərazilərimizdə məktəblilərimiz üçün olimpiadalara hazırlıq mərkəzlərinin, laboratoriyaların yaradılmasının nəzərdə tutulduğunu deyən təhsil naziri olimpiadanın coğrafiyasının genişləndirilməsinin əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. 

 

Emin Əmrullayev çıxışının sonunda olimpiadanın təşkilində dəstək olan hər kəsə təşəkkür edib, bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb. 


Mərasimdə Respublika fənn olimpiadalarında Kəlbəcər rayonu 67 nömrəli tam orta məktəbin XI sinif şagirdi İmaməliyeva Ləman Ənvər qızı biologiya fənni üzrə gümüş, Qubadlı rayonu K. Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Tağıyev İlkin Vüsal oğlu coğrafiya fənni üzrə bürünc, Laçın rayonu Taxtakörpü kənd tam orta məktəbin IX sinif şagirdi Baxşalıyev Azər Natiq oğlu coğrafiya fənni üzrə bürünc, Cəbrayıl rayonu 23 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Abasquliyev Elvin Qurban oğlu tarix fənni üzrə bürünc, Tatar kənd tam orta məktəbin IX sinif şagirdi Əliyeva Alimə Bayram qızı tarix fənni üzrə bürünc, 23 nömrəli tam orta məktəbin XI sinif şagirdi Mehdizadə Sadıq Ramil oğlu coğrafiya fənni üzrə bürünc medal qazanıb.

 

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.