14.06.2022

Təhsil naziri “Son zəng” tədbirində

İyunun 14-də Bakı şəhəri 234 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.

 

Tədbirdə təhsil naziri Emin Əmrullayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, ictimaiyyət nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və məzunlar iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Salamlama nitqi ilə çıxış edən məktəbin direktoru Könül Məmmədli məzunları təbrik edib və onlara gələcək həyatlarında uğurlar diləyib. Könül Məmmədli rəhbərlik etdiyi təhsil ocağında ümumilikdə 1267 şagirdin təhsil aldığını, onlardan 50 nəfərin bu il məzun olduğunu diqqətə çatdırıb.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara nailiyyətlər arzulayıb. Emin Əmrullayev ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edib.

 

Təhsil naziri daha sonra 2021-2022-ci tədris ilində həyata keçirilən uğurlu layihələrdən və təhsil islahatlarından danışıb. Nazir görülən işlərin əsas məqsədinin hər bir Azərbaycan gənci üçün təhsilin əlçatan olmasını təmin etmək və savadlı nəsil yetişdirmək olduğunu vurğulayıb.

 

Tədbir məzunların hazırladıqları ədəbi-bədii kompozisiyalarla davam etdirilib.


Açar sözlər: ,