10.05.2022

“Zərli tac kamallı başa yaraşır” adlı tədbir keçirilib

Kəlbəcər Rayon Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və "Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyi ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Zərli tac kamallı başa yaraşır” adlı tədbir keçirilib.

 

İlk öncə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

 

Daha sonra Dədə Şəmşirin Ulu öndər Heydər Əliyevə həsr etdiyi “Zərli tac kamallı başa yaraşır” adlı poeması əsasında hazırlanmış video-çarx nümayiş olundu.

Millət vəkili Aqil Məmmədov çıxış edərək bildirdi ki, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycanın müasir tarixinin ən mühüm mərhələsini təşkil edir. Çünki vaxtı ilə Sovet İttifaqının tərkibində olan Azərbaycan Ümummilli Liderin uzaqgörənliyi, siyasi müdrikliyi və qətiyyəti sayəsində inkişaf edib. 1993-cü ildə isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev müstəqilliyimizi təhlükədən xilas edərək, müasir Azərbaycan dövlətinin banisinə çevrilib. Bu gün dövlətimizin Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığı uğurların təməlində Ulu Öndərin əbədiyaşar ideyaları dayanır. 44 günlük Vətən müharibəsində tarixi zəfərimiz və ərazi bütövlüyümüzün bərpa edilməsi ümummilli liderimizin müəyyən etdiyi, Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir.

 

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxışında qeyd etdi ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

 

Bu gün də Ulu Öndərin ideyaları Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ulu Öndərin siyasi xəttini qətiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qalib ölkə kimi Qafqazın lider dövləti olaraq çox sürətlə inkişaf edərək dünya ölkələri arasında özünə layiqli yer tutub. Yaxın tariximizin quruculuq dövrü kimi xatırlanan ötən əsrin 70-ci illərindəki inkişafı görərək vəsf edən Dədə Şəmşirin yaradıcılıq nümunələrindən olan “Zərli tac kamallı başa yaraşır” poeması da məhz ümummilli lider Heydər Əliyevin o zamankı fəaliyyətinə el məhəbbətinin ifadəsidir. Biz fəxr edirik ki, Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın vətəndaşlarıyıq.        

           

Kəlbəcər rayon ziyalısı Sabir Mirzəyev və tələbə gənclər çıxış edənlər bildirdilər ki, Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Müdrik rəhbərin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlərlə cəbhə xəttində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Ümummilli lider Heydər Əliyev həmişə gənclərimizə böyük ümidlər bəsləyir və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda  dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin dövlət qulluğunda məsul vəzifələrdə iştirakını təmin etmək, aparıcı  qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ölkə rəhbərliyi bütün lazımi tədbirləri həyata keçirir, önəmli Dövlət proqramları qəbul olunur.


Açar sözlər: