Mayın 6-da Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə hazırlanan “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin mina və partlayıcı hərbi sursatların təhlükəsinə qarşı maarifləndirilməsinə dair “Metodiki Tövsiyələr” nəşrinin təqdimatı keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, millət vəkili Novruz Aslanov, ARTİ-nin direktoru Rüfət Əzizov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, orta ixtisas və ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri, II Qarabağ müharibəsinin qaziləri və digər qonaqlar iştirak edib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov açılış nitqi ilə çıxış edərək şanlı ordumuzun texnikasının süni intellektlə bağlı olduğunu və son texnologiyalarla təchiz olunduğunu vurğulayıb. Geri qayıdış prosesində soydaşlarımızın təhlükəsizliyinin çox önəmli olduğunu bildirən nazir müavini qeyd edib ki, təhlükələrin qarşısını almaq üçün minaların növləri haqqında gənclərimiz geniş məlumatı olmalıdır.
Çıxışının sonunda Firudin Qurbanov metodik vəsaitin ərsəyə gəlməsində əziyyəti keçən şəxslərə təşəkkürünü bildirib.
ARTİ-nin direktoru Rüfət Əzizov sistemli struktura malik olan metodik vəsaitin ümumi təhsil müəssisələrində istifadə olunacağından, fakültətiv şəkildə bütün məktəblərdə tədris edilən fənlərə inteqrasiya ediləcəyindən bəhs edib. Əlavə olaraq bildirib ki, ANAMA, UNICEF və Təhsil Nazirliyi arasında imzalanan memoranduma əsasən keçirilən layihənin icrasında artıq 2 mərhələ başa çatıb. Layihə çərçivəsində müəllimlərə distant təlim proqramları keçirilib və müəllimlər öyrəndikləri bilikləri şagirdlərinə çatdırıb.
Millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Prezidenti Novruz Aslanov problemin aktuallığı haqqında çıxış edib və hazırlanan vəsaitin fəlsəfəsinin insanların həyatının xilas olunmasına xidmət etdiyini bildirib.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov həmçinin minalanan ərazilərdə problemin aradan qaldırılması üçün maarifləndirmə işinin vacibliyini və metodik vəsaitin faydalı əməkdaşlığın nəticəsi olduğunu deyib.
Tədbir çərçivəsində iştirakçılara ANAMA-nın fəaliyyətini, eləcə də işğaldan azad edilmiş ərazilərə qanunsuz səfərlərin təhlükəsi və partlayıcı sursatların törədə biləcəyi xəsarətləri əks etdirən videoçarxlar nümayiş olunub.
Qeyd edək ki, “Metodik tövsiyələr”in hazırlanmasında məqsəd təhsilalanları mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə barədə xəbərdar etmək, riskli ərazilərdə davranış qaydaları və diqqətli olmağı aşılamaq, onları cəmiyyətin məsuliyyətli üzvü olmağa həvəsləndirmək, partlayıcı sursatların təhlükəsinə dair əldə etdikləri bilik və bacarıqları başqaları ilə paylaşmağa təşviq etməkdir.