21.04.2022

Mina təhlükəsizliyi ilə bağlı təlim keçirilib

Kəlbəcər rayon 102 nömrəli tam orta məktəbdə V-XI sinif şagirdləri ilə mina təhlükəsizliyi ilə bağlı maarifləndirici görüş keçirilib.

 

Görüşdə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Əhliyət Adıgözəlov, Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov, Təhsil Şöbəsinin əməkdaşları, ANAMA Agentliyinin əməkdaşı Vasif Cəbrayılov və Vətən müharibəsi qaziləri iştirak ediblər.

 

İlk öncə Təhsil Nazirliyinin əməkdaşı Əhliyət Adıgözəlov və Kəlbəcər RTŞ-nin müdiri Namiq Rəcəbov məktəbin müəllim və şagird kollektivi ilə görüşüb, ayrı-ayrı siniflərdə şagirdlərlə söhbət aparıblar. Əhliyət Adıgözəlov çıxış edərək təhsildə aparılan islahatlardan ,işğaldan azad olunmuş torpaqlarda gələcəkdə təhsilin təşkilindən,  dünya təhsilinə inteqrasiyasından danışdı. Təhsil sahəsində dövlətin məqsədinin və tələbinin savadlı, peşəkar və dünya təhsili ilə rəqabət aparan gəncliyin yetişdirilməsi olduğunu bildirdi. Daha sonra çıxış edən Namiq Rəcəbov bildirdi ki, artıq işğaldan azad olunmuş torpaqlarımızda quruculuq-abadlıq işlərinə başlanılıb. Böyük qayıdış layihəsi uğurla icra olunur. Ancaq mənfur düşmənin barbarlıq izləri torpaqlarımızdan hələ tam silinməyib. Düşmənlərin basdırdığı minalar doğma yurd yerlərinə qayıdan həmvətənlərimiz üçün təhlükə yaradır. Buna görə də ehtiyatlı olmalı, mina təhlükəsi ilə bağlı biliklərimizi artırmalı və ətrafımızda olan insanlara da çatdırmalıyıq.

 

Görüşün davamında Minatəmizləmə Agentliyinin mütəxəssisi Vasif Cəbrayılov ANAMA-nın fəaliyyətindən danışdı, mina və hərbi sursatlara aid olan maketlərin, təlim vasitələrinin köməyi ilə şagirdlərə geniş məlumat verdi, məktəblilərə mina təhlükəsindən qorunmaq üçün maarifləndirici bukletlər təqdim edildi. Görüşün davamında şagirdləri maraqlandıran suallara aydınlıq gətirildi. Görüş şagirdlərlə fikir mübadiləsi formatında davam etdirildi.


Açar sözlər: