31.03.2022

“31 mart – Azərbaycanlıların Soyqırım Günü” ilə əlaqədar tədbir keçirilib.

Kəlbəcər rayon 18 nömrəli tam orta məktəbdə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon Təhsil Şöbəsinin metodisti Xəqani Nadirov, məktəb kollektivi və şagirdləri iştirak ediblər.

Tədbirdə çıxış edən Həbib Misirov qeyd etdi ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Bu Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bundan bir müddət sonra həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir.

 

18 nömrəli məktəbin direktoru Arzuman Qarayev bildirdi ki, 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.

18 nömrəli məktəbin müəllimi, Regional İnsan Hüquqları və Media Mərkəzinin direktoru Xalid Kazımov isə bildirdi ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda aşkarlanan kütləvi məzarlıqlar soyqırımı aktlarının ən iyrənc və kütləvi şəkildə törədildiyini bir daha təsdiqləyir. Başlıbeldə və digər ərazilərdə aşkarlanan məzarlıqlarlıqlar bunun bariz nümunəsidir.

Kəlbəcər rayon təhsil şöbəsinin metodisti Xəqani Nadirov və məktəbin tarixi müəllimi Lalə Əsgərova çıxışlarında bildirdilər ki, "Böyük Ermənistan” xülyası ilə yaşayan ermənilərin XX əsrdə azərbaycanlılara qarşı ilk kütləvi qırğını 1905-1907-ci illərə təsadüf edir. Həmin vaxt Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib.

 

Sonda orta məktəbin şagirdləri vətənpərvərliyi tərənnüm edən çxışlar etdilər.


Açar sözlər: