Kəlbəcər rayon 109 nömrəli tam orta məktəbdə Novruz şənliyi keçirilib.
Tədbirdə Kəlbəcər RTŞ-nin müdiri Namiq Rəcəbov və Təhsil Şöbəsinin əməkdaşları iştirak ediblər. Namiq Rəcəbov məktəbin müəllim və şagird kollektivinin Novruz bayramını təbrik edib, onlara xoş arzularını çatdırıb. Bildirib ki, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin, mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır. Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa, insana məhəbbət bayramıdır. Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də Novruz bayramını Azərbaycan xalqının, azərbaycanlıların ən əziz bayramı olduğunu bildirmiş və qeyd etmişdir ki, “Hər xalqın tarix boyu yaranmış və ənənəyə çevrilmiş bayramları vardır. Azərbaycan xalqının da bayramları vardır. Bütün bu bayramların içərisində millətimiz üçün, xalqımız üçün, hər bir azərbaycanlı üçün ən əziz, ən dogma, ən sevimli bayram Novruz bayramıdır”. Novruz bayramı 2009-cu il sentyabrın 30-da Novruz YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Tədbir şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalarla yadda qalıb. Belə ki, şagirdlər Novruz adət-ənənələrini əks etdirən kompozisiyalar və milli kinolarımızdaan ibarət səhnəciklər nümayiş etdiriblər.