24.02.2022

Xocalı faciəsinin anım tədbiri keçirilib

Kəlbəcər Rayon Təhsil Şöbəsinin və Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının birgə təşkilatçılığı ilə Yevlax şəhərində yerləşən Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Xocalı faciəsini əks etdirən məktəblilərin hazırladıqları rəsm sərgisi, video çarx nümayiş etdirilib. Həmçinin məktəblilər Xocalı faciəsi haqqında ədəbi-bədii kompazisiya ilə çıxış edib və faciəyə həsr olunmuş şeirlər səsləndiriblər.

 

Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov  bildirdi ki, bu əsl soyqırım idi. XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş soyqırım cinayəti olan bu hadisə məqsədli şəkildə həyata keçirilib, yüzlərlə Xocalı sakini, mülki əhali, qadın, uşaq, yaşlılar amansızlıqla qətlə yetirilib. Bu hərbi təcavüz zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilib, dinc sakinlərə amansızcasına divan tutulub. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocalar idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmişdir. Möhtərəm Prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir.

 

Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov bildirib ki,  Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. “Bu soyqırımı eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”-deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdi. Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, şanlı Azərbaycan Ordusunun rəşadəti sayəsində işğal altında olan torpaqlarımız azadlığa qovuşdu, Xocalıda, Ağdabanda, Qaradağlıda və digər yerlərdə erməni soyqırımına məruz qalanların qisası döyüş meydanında alındı.

 

Kəlbəcər rayon 30 nömrəli tam orta məktəbin direktoru Zahid Kazımov çıxışında qeyd etdi ki, 2009-cu ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası isə ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir.

 

Digər çıxış edənlər də ermənilərin əsrlər boyu xalqımıza qarşı törətdikləri soyqrım cinayətlərindən, həmçinin Xocalı faciəsindən danışaraq bildirdilər ki, 44 günlük Vətən savaşında qəhrəman oğullarımız Xocalı qatillərini, insan cəlladlarını məhv etməklə günahsız soydaşlarımızın qanını yerdə qoymadılar. Artıq biz Xocalı soyqırımında həyatlarını itirmiş şəhidlərimizin xatirəsini təkcə hüzn və kədərlə deyil, həm də Qarabağda qazandığımız tarixi zəfərdən, soydaşlarımızı günahsız qətlə yetirənlərdən, şəhər və kəndlərimizi viran qoyanlara verdiyimiz cəzadan doğan yüksək əhvalla anırıq.


Açar sözlər: