1 fevral – 5 may 2022-ci il tarixlərini əhatə edən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə start verilir. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Müsabiqənin əsas məqsədi ümummilli lider Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub möhkəmləndirilməsində, demokratik hüquqi dövlətin qurulmasında misilsiz xidmətlərini gənclərə aşılamaq, gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı gəncləri üzə çıxarmaqdan ibarətdir.
Müsabiqə 4 nominasiya üzrə (şeir, bəstəkar mahnıları, təsnif və xalq mahnıları, milli rəqs) 3 mərhələdə keçirilir.
I mərhələ - müəssisə daxili - bu mərhələdə peşə və orta ixtisas təhsili müəssisələri tərəfindən yaradılmış münsiflər heyəti tərəfindən iştirakçılar 1 fevral – 20 mart 2022-ci il tarixinədək müəyyənləşdirilir. Hər nominasiya üzrə seçilmiş iştirakçıların siyahısı tərtib edilir və onlar haqqında məlumatlar ( adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, şəhər, ifa etdiyi şeir, mahnı, rəqsin adı) 28 mart 2022-ci il tarixinədək Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin grbye@mk.edu.az elektron poçt ünvanına göndərilir.
II mərhələ - zona mərhələsi – bu mərhələdə müsabiqənin I mərhələsində I və II yerləri tutan iştirakçılar qatılır. Zona mərhələsi aşağıdakı şəhər və rayonlarda keçirilir:
1. Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Tovuz, Gədəbəy, Şəmkir, Göygöl, Daşkəsən, Goranboy, Kəlbəcər, Naftalan peşə və orta ixtisas təhsili müəssisələri üzrə 30 mart 2022-ci il saat 12:00-da Gəncə Musiqi Kollecində;
2. Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara, Cəbrayıl peşə və orta ixtisas təhsili müəssisələri üzrə 5 aprel 2022-ci il saat 12:00-da Lənkəran Humanitar Kollecində;
3. Ağcabədi, Bərdə, Tərtər, Ağdam, Beyləqan, Yevlax, Füzuli, Zərdab, Laçın peşə və orta ixtisas təhsili müəssisələri üzrə 7 aprel 2022-ci il saat 12:00-da Ağcabədi Pedaqoji Kollecində;
4. Qəbələ, İsmayıllı, Balakən, Zaqatala, Qax, Oğuz, Şəki peşə və orta ixtisas təhsili müəssisələri üzrə 12 aprel 2022-ci il saat 12:00-da İsmayıllı Peşə Tədris Mərkəzində;
5. Şamaxı, Göyçay, Ağdaş, Kürdəmir, Ağsu peşə və orta ixtisas təhsili müəssisələri üzrə 14 aprel 2022-ci il saat 12:00-da Şamaxı Humanitar Kollecində;
6. Şirvan, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala peşə və orta ixtisas təhsili müəssisələri üzrə 19 aprel 2022-ci il saat 12:00-da Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində;
7. Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Siyəzən, Qusar, Xızı, Şabran peşə və orta ixtisas təhsili müəssisələri üzrə 21 aprel 2022-ci il saat 12:00-da Sumqayıt Musiqi Kollecində;
8. Naxçıvan Muxtar Respublikası peşə və orta ixtisas təhsili müəssisələri üzrə 20 aprel 2022-ci il saat 12:00-da Naxçıvan Musiqi Kollecində;
9. Bakı şəhərində yerləşən peşə və orta ixtisas təhsili müəssisələri üzrə seçim müsabiqənin şeir, mahnı nominasiyası, təsnif və xalq mahnıları üzrə 22 aprel 2022-ci il tarixində saat 11:00-da Gənclərin Respublika Bədii Yaradıcılıq Evində (Bakı şəhəri, Aşıq Ələsgər küçəsi 1A), rəqs nominasiyası üzrə 25 aprel 2022-ci il tarixində saat 11:00-da Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçiriləcək.
III mərhələ - Respublika mərhələsi – Bu mərhələyə müsabiqənin zona mərhələsində hər nominasiya üzrə I və II yerləri tutan iştirakçılar qatılır. Respublika mərhələsi 27 aprel 2022-ci il saat 11:00-da şeir və rəqs nominasiyası üzrə, 29 aprel 2022-ci il saat 11:00 da mahnı nominasiyası üzrə Azərbaycan Dövlət Mədəniyyət və İnsəcənət Universiteti nəzdində Humanitar Kollecdə keçiriləcək.
Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Mahnı nominasiyası üzrə təqdim olunan mahnı ifası 3-4 dəqiqədən çox olmamalıdır (təqdim olunan mahnı minusla və ya akopella ilə oxuna bilər);
- Təsnif və xalq mahnıları nominasiyası üzrə təqdim olunan mahnı ifası 3-4 dəqiqədən çox olmamalıdır;
- Şeir nominasiyası üzrə təqdim olunan şeir ifası 3 dəqiqədən çox olmamalıdır;
- Rəqs nominasiyası üzrə təqdim olunan rəqs ifası 3-4 dəqiqədən çox olmamalıdır (İştirakçılar milli rəqs geyimində olmalıdır);
Müsabiqədə I, II, III yerin qalibləri və fəal iştirakçılar Təhsil Nazirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunacaqlar.
Müsabiqə ilə bağlı sual yarandığı halda aşağıdakı telefon nömrələri ilə əlaqə saxlanıla bilər:
(+994) 12 568 42 19 və (+994) 55 539 55 22