Milli Qəhrəman Şahlar Şükürov adına Kəlbəcər rayon 35 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirilib.
Məktəbin V-VIII sinif şagirdlərinin və müəllimlərin iştirakı ilə keçirilən maarifləndirici tədbiri giriş sözü ilə məktəbin Psixoloqu Dilrubə Quliyeva açıb.
Öncə torpaqlarımızın azadlğı uğurunda canından keçmiş bütün Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, onların ruhuna hörmət ehitram ifadə olunub.
Ardınca tədbirin təşkilatçısı Dilrubə Quliyeva bildirib ki, hazırda çağdaş dövrümüzün ən ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. Xalq arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır. Biz də bu gün gələcəyimiz olan şagirdlərin sağlam gələcəyi naminə onların maarifləndirilməsi məqsədi ilə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirməyi qərara aldıq. Daha sonra psixoloq narkomaniya ilə bağlı müxtəlif səpkili məlumatların yer aldığı slaydı iştirakçılara təqdim edib. Ardınca isə maarifləndirici videoçarx nümayiş olunub.
Sonra çıxış üçün söz məktəbin direktoru Elşən Əzimova verilib. O, bu qəbildən olan tədbirlərin keçirilməsinin mühüm əhəmiyyətini vurğulayıb. Narkomaniya ilə mübarizə sahəsində həyata keçirilən fəaliyyətlərdə cəmiyyətimizin bütün sahələrinin dəstək verməsinin vacibliyini diqqətə çatdırıb. Həmçinin bildirib ki, xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyətli mübarizə aparmalıyıq.
Tədbir çərçivəsində direktor müavini Günay Nadirova və VIII sinif şagirdləri narkomaniya bəlası ilə bağlı məlumatlarını bölüşüblər.
Çıxış edən Mingəçevir Dövlət Universitetinin Baş müəllimi, psixoloq İlhamə İsmayılova “ağ ölüm”ün bəşəri bəla olmasından, onun insanın sağlamlığına və psixologiyasına öldürücü təsirindən danışıb.Bütün şagirdlərə yalnız kitab oxumağı,dərslərinə xüsusi diqqət etməyi tövsiyə edib.Cəmiyyətimizin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsində hər kəsin pay sahibi olmasını vurğulayıb. Çünki narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır. Sağlam düşüncəli insanları dərk edirlər ki, narkomaniya cinayət, ailələrin dağılması, çarəsiz xəstəlik, ölüm və sair bu kimi digər ağır nəticələrə gedən yolun başlanğıcıdır, hər hansı fərd üçün deyil, eyni zamanda cəmiyyət üçün böyük təhlükədir. İlhamə İsmayılova narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə də danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırıb. Problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayıb.
Daha sonra çıxış edən 35 nömrəli məktəbin müəllimi, telejurnalist İnqilab Şirinov nakotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı, eyni zamanda nakotik aludəçisi olan insanların qorxunc həyat tərzi barədə tədbir iştirakçılarını məlumatlandırıb. Həmçinin qeyd edib ki,vaxtilə işğala məruz qalmış Dağlıq Qarabağ və ətraf ərazilərdə də xeyli sayda narkotik laboratoriyalar fəaliyyət göstərib. Düşmən silahlı münaqişə nəticəsində nəzarətsiz qalmış Azərbaycan ərazilərindən narkotiklərin becərilməsi, satılması və tranziti, eyni zamanda, transmilli cinayətlərin həyata keçirilməsi üçün nəzarətsiz ərazi kimi istifadə edib, hər il dünya bazarlarına tonlarla narkotik maddələr çıxarıb. İnqilab Şirinov eyni zamanda onu da diqqətə çatdırıb ki,narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Maarifləndirmə tədbirinin sonunda psixoloq Dilrubə Quliyeva Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramının icrasından danışıb. Diqqətə çatdırıb ki, ölkəmizdə narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqe nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. Odur ki, gəlin, uşaqlarımızın, gənclərimizin sağlamlığı naminə hamımız birlikdə “Narkomaniyaya yox deyək!”
Sonda şagirdlərin narkomaniya bəlası ilə bağlı çəkdikləri rəsmlər nümayiş olunub.