Dekabrın 7-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə bir qrup təhsil işçisinə dövlət təltiflərinin təqdim olunması mərasimi keçirilib.
Tədbirdən əvvəl təhsil naziri Emin Əmrullayev, rəhbər təhsil işçiləri və dövlət təltiflərinə layiq görülən müəllimlər Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər güllər düzülüb.
Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra təhsil naziri Emin Əmrullayev çıxış edərək fəxri adlara layiq görülən təhsil işçilərini təbrik edib. Təhsil naziri ölkə Prezidenti cənab İlham Əliyevin 5 oktyabr 2021-ci il tarixli sərəncamları ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə 155 nəfər təhsil işçisinə dövlət təltiflərinin verildiyini diqqətə çatdırıb. Nazir bildirib ki, həmin sərəncamlara əsasən, 71 nəfər “Əməkdar müəllim” fəxri adına, 4 nəfər 3-cü dərəcəli “Əmək” ordeninə, 80 nəfər isə “Tərəqqi” medalına layiq görülüb.
Mərasimdə Kəlbəcər rayon 36 nömrəli tam orta məktəbin tarix və coğrafiya müəllimi Vidadi Əhmədova “Tərəqqi” medalı təqdim olunub.
Dövlət başçısının təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğını xüsusi qeyd edən Emin Əmrullayev son illərdə müəllim peşəsinə marağın artdığını, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işləri vurğulayıb. Nazir həmçinin, 44 günlük Vətən müharibəsində təhsil işçilərinin danılmaz xidmətlərini qeyd edib.
Çıxışının sonunda nazir dövlət təltiflərinə layiq görülən təhsil işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Mərasimdə təltif olunan müəllimlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda təltif edilən təhsil işçilərinə medal və vəsiqələr təqdim olunub.