Avqustun 4-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu imtahanlarının keçirildiyi Azərbaycan Texniki Universitetinin idman zalına mediatur təşkil edilib.
Təhsil Nazirliyinin şöbə müdiri Eşqi Bağırov, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, tanınmış ictimaiyyət və KİV nümayəndələrinin iştirakı ilə baş tutan mediatur zamanı ibtidai sinif müəllimliyi üzrə təşkil edilmiş təkrar imtahanın gedişatı yaxından izlənilib, bu proseslə bağlı fikir mübadiləsi aparılıb.
Bildirilib ki, ibtidai sinif və Azərbaycan dili və ədəbiyyat fənni üzrə təkrar imtahanlar üçün qeydiyyat 28-30 iyul tarixlərində həyata keçirilib və imtahanlarda yenidən iştirak üçün 4091 nəfər müraciət edib. Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür. Test imtahanlarının sonuncu günündə ibtidai sinif müəllimliyi üzrə təkrar imtahan vermək istəyən 1036 namizəd iştirak edir.
Məlumat verilib ki, avqustun 3-dən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib. Vakansiya seçimi prosesi 6 avqust saat 10:59-dək davam edəcək.
Sonda mediatur iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, imtahan verən namizədlərin təəssüratları öyrənilib.