Kəlbəcər rayonu 56 nömrəli tam orta məktəbin məzunu Səfərov Qorxmaz rayon üzrə ən yüksək nəticəni göstərib. Belə ki, məzunumuz 674 bal toplayaraq illərdir müəllimlərinin və valideynlərinin çəkdiyi əziyyəti, verdiyi təhsili qiymətləndirə bilib. Məzunumuz Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə işi (tədris ingilis dilində) ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə yüksək nəticələrinə görə tam orta təhsili fərqlənmə attestatı ilə bitirən Qorxmaz öz sevincini bizimlə bölüşdü.
“Mən bu nailiyyətə qovuşduğum üçün Allaha şükranlığımı, valideynlərimə və Kəlbəcər rayonunun 56 nömrəli tam orta məktəbinin bütün pedoqoji kollektivinə, xüsusən məktəbin direktoru Aida Əhmədovaya, fənn müəllimləri Xuraman Qarayevaya, Sahibə Əlifovaya və digər müəllimlərə minnətdarlığımı bildirirəm. Mən dərslərimə olduqca ciddi və məsuliyyətlə yanaşırdım. Sınaqlarda da yüksək nəticə göstərirdim. Həm məktəbdəki nümunəvi mühit, həm də özümün əzmlə oxuyub hazırlaşmağım, evdə valideynlərim tərəfindən mənə yüksək inam yaranmasına yol açıb. Bu inama güvənən valideynlərim məni yaşıma və dünyagörüşümə uyğun bəzi əyləncələrimdən məhrum etməyə ehtiyac görmürdülər. Mənim bu nailiyyətim müəllimlərimlə yanaşı valideynlərimi də hədsiz sevindirdi. Sonda mənim bu uğuruma sevinən hər bir kəsə öz təşəkkürümü bildirirəm”