Kəlbəcər rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmasının 26-cı ildönümü ilə əlaqədar olaraq Gəncə şəhərində 1500 ailəlik yeni yaşayış massivində rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Mərasim iştirakçıları əvvəlcə qəsəbədə Kəlbəcər Şəhidlərinin Abidə Kompleksinin önünə tər çiçəklər düzüblər. Mədəniyyət sarayında davam etdirilən tədbirdə çıxış edən Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı cənab Aqil Məmmədov bildirib ki, Erməni silahlı birləşmələri Kəlbəcər rayonunda da dinc əhaliyə amansızlıqla divan tutmuş, ermənilərin 1993-cü ilin aprel ayının əvvəlində Kəlbəcərə qarşı həyata keçirdiyi hərbi təcavüzü nəticəsində 511 nəfər qəddarcasına qətlə yetirilmiş və rayona 31 milyard ABŞ dollarından artıq maddi zərər dəymişdir. Natiq qeyd etdi ki, Prezidentimiz cənab İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və sosial problemlərin həlli istiqamətində müntəzəm olaraq genişmiqyaslı işlər həyata keçirilir. Buna baxmayaraq kəlbəcərli məcburi köçkünlər cənab Prezidentin rəhbərliyi ilə öz doğma yurdlarını azad etmək və ev eşiklərinə qayıtmaq həsrəti ilə yaşayırlar.
Tədbirdə çıxış edənlər Ermənistanın hazırki rəhbərliyinin sülh danışıqlarını müxtəlif bəhanələrlə pozmalarından, torpaqlarımızın işğal olunması faktının Azərbaycanlıların və eləcə də dünya ictimaiyyətinin yaddaşından çıxarmağa çalışdıqlarını qeyd etdilər. Mərasimdə Kəlbəcər rayonuna həsr olunmuş videoçarx nümayiş etdirildikdən sonra rayon məktəblilərinin təqdimatında bədii kompozisiya nümayiş etdirildi. Sonda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik şurasına Kəlbəcər rayon ictimaiyyətinin müraciəti qəbul olundu.