Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalib layihələrindən olan “Səsli dərslik” layihəsinin Kəlbəcər rayon 19 saylı tam orta məktəbdə ilkin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini və layihə rəhbəri Nofəl Şirinov öncə layihənin mahiyətindən danışaraq bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında Strateji hədəflər və tədbirlərdən biri, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili və sosial adaptasiyası üçün imkanların təmin olunması məqsədi ilə optimal inklüziv təhsil modellərinin tətbiq edilməsidir. “Səsli dərslik” layihəsi də bu ehtiyacdan qaynaqlanaraq hazırlanıb. Layihənin məqsədi VI sinif şagirdləri eləcə də fiziki imkanları məhdud olan uşaqlar üçün İKT-dən istifadə edərək ədəbiyyat fənni üzrə elektron resursların hazırlanmasıdır.
N. Şirinov daha sonra bildirdi ki, Qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində "Səsli Dərslik" layihəsi çərçivəsində birsıra işlərin görülməsi planlaşdırılıb. Təşkilati işlərlə yanaşı VI siniflərə aid olan ədəbiyyat dərsliyindəki bədii mətnlər perspektiv planlaşdırmanın tələblərinə uyğun ardıcıllıqla professional diktor və qiraətçilər tərəfindən studiya şəraitində səsləndiriləcək. Yaradılan resursların hamı tərəfindən əlçatan olması üçün sesliderslik.az saytı yaradılaraq bütün resurslar həmin saytda yerləşdiriləcək.
Daha sonra layihənin təqdimatı gerçəkləşdirilib. Təqdimat zamanı da bildirilib ki, layihə iyun ayının 20-dən başlayaraq Noyabr ayının 20-nə kimi davam edəcək. 5 ay müdətində layihənin icra planında nəzərdə tutulan bütün işlər yekunlaşdırılacaq. Layihənin gedişi və yekunu ilə bağlı məlumatlar mütamadi olaraq KİV –nə veriləcək. Təqdimatdan sonra söz alan məktəbin müəllimləri və qonaqları layihə haqqında nüsbət fikirlər səsləndiriblər.