Bu gün Gəncə şəhərində Kəlbəcərdən olan məcburi köçkünlər üçün salınmış Yeni qəsəbədə Kəlbəcər rayonunun işğal olunmasının 25-ci il dönümünə həsr olunmuş anım mərasimi keçirilib.
İlk öncə rayon ictimaiyyətinin nümayəndələri və ziyalılar qəsəbədə Kəlbəcərli milli qəhrəman və şəhidlərin adına əbədiləşdirilmiş Abidə komleksini ziyarət etmiş, əbidənin önünə gül dəstələri və əklillər düzərək Kəlbəcərin və Respublikamızın bütün şəhilərinin ruhunu ehtiramla yad edib.
Daha sonra mərasimin bədii hissəsi qəsəbədə məcburi köçkünlər üçün inşa edilmiş 500 nəfərlik Mədəniyyət evində davam edib.Mərasimdə Kəlbəcər RİH- nin başçısı Aqil Məmmədov çıxış edərək bildirib ki, Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. "Soltan Heydər", "Turşsu", "Gəlinqayası", "Böyükdəvəgözü"ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edirdi. Bu rayon öz ərazisində, həm də alban dövrünə aid xeyli tarixi abidəni qoruyub saxlayırdı: Xudavənd məbəd kompleksi, "Laçınqaya". Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 m² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.
Daha sonra Kəlbəcər RTŞ-nin müdiri Elmira xanım Şükürova çıxış edərək qeyd edib ki , 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
Sonda Kəlbəcər rayon ümumtəhsil məktəblərinin şagirdləri və rayonun 4 nömrəli uşaq bağçasının uşaqları işğalı əks etdirən kompozisiyalar təqdim edib