Bu gün Gəncə şəhər Yeni qəsəbədə Kəlbəcərli məcburi köçkünlər üçün salınmış qəsəbədə Novruz bayramı münasibəti ilə şənlik keçirilib.
Tədbirin keçirilməsinin məqsədi Novruz bayramında xalqımızın milli adət-ənənələrinin gələcək nəsillərə ötürülməsinin və milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini insanların diqqətinə çatdırmaqdır. Tədbir Kəlbəcər Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin və Kəlbəcər Mədəniyyət və İncəsənət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Kəlbəcər rayon ümumtəhsil məktəblərinin kollektivi və şagirdlərinin Novruz bayramı və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları əl işləri, rəsm tabloları, Novruzla bağlı mərasimlər, adət-ənənələr nümayiş olunub. Bayram şənliyində Novruz personajları olan Keçəl və Kosanın məzəli oyunları, Dədə Qorqud və Bahar qızının gəlişi,idmançıların, tarixi və kino personajlarının çıxışları tədbir iştirakçılarının marağına səbəb olub.
Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər göstərib, yallı gedib və digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər.