Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən şəxslər üçün 16.11.2021-ci il tarixindən 15.12.2021-ci il tarixinədək eksternat təhsilalma forması üzrə sənəd qəbulu, 20.12.2021-ci il tarixindən 28.12.2021-ci il tarixinədək isə aralıq imtahanları keçiriləcəkdir. Eksternat qaydasında imtahanlar əvvəlki illərdə Zəngilan Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə şamil olunur. İmtahanda iştirak etmək istəyən şəxslər aşağıdakı sənədləri Zəngilan Rayon Təhsil Şöbəsinə təqdim etməlidir:
1. Şəxsiyyət vəsiqəsinin surəti;
2. 3x4 ölçüdə fotoşəkil;
3. Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında imtahanlarda iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhədətnamənin) surəti;
4. Ümumi təhsil müəssisəsindən neçənci sinfi bitirdiyinə dair arayış;
5. Hərbi xidmət haqqında sənədin surəti; (18 yaşdan yuxarı şəxslər üçün)
6. Zəngilan Rayon Təhsil Şöbəsi müdirinin adına ünvanlanmış ərizə;
Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənlərin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə 20-28 dekabr 2021-ci il tarixlərində keçiriləcək əsas fənlərdən aralıq imtahanlarında iştirak edirlər. Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarda uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyələri üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.