11.09.2018

Kəlbəcər rayon Təhsil işçilərinin "Ənənəvi sentyabr konfransı " keçirilib

Bu gün  2018-ci il tarixdə Gəncə şəhəri Yeni qəsəbədə yerləşən Mədəniyyət sarayında Kəlbəcər rayon təhsil işçilərinin "Ənənəvi sentyabr konfransı " keçirildi. Konfransda Kəlbəcər RİH-nin başçısı cənab Aqil Məmmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi cənab Mirbaba Babayev, rayonun idarə və müəssisələrinin rəhbərləri, təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, qabaqcıl müəllimlər və yüksək nəticə göstərərək ali məktəblərə qəbul olmuş abituriyentlər iştirak edirdi. Ümumilikdə konfransda 500 nəfərdən çox adam iştirak edirdi. Konfransı giriş sözü ilə Kəlbəcər RTŞ-nin müdiri Elmira xanım Şükürova açdı və konfrans iştirakçılarını gündəliklə tanış etdi. Gündəlikdəki 1 məsələ - “2017-2018-ci tədris ilində Kəlbəcər RTŞ-də görülmüş işlər və qarşıda duran vəzifələr” haqqında RTŞ-nin müdiri Elmira xanım Şükürova hesabat məruzəsi ilə çıxış etdi. Məruzədən aydın oldu ki, 2017-2018-ci tədris ilində Kəlbəcər rayonu üzrə 15 ümumi, 94 tam orta olmaqla cəmi 109 ümumtəhsil məktəbi təşkil olunmuşdur ki, bu məktəblərdə 14773 nəfər şagird təhsilə cəlb olunmuşdur. Eləcə də 40 məktəb üzrə 689 nəfər uşaq 5 yaşlı qruplarda təhsilə cəlb olunmuşdur. Tədris ili ərzində ümumtəhsil məktəblərinin şagirdləri respublikamızda keçirilən müxtəlif müsabiqə və yarışlarda işriak etmiş və uğurlar qazanmışdır.5 oktyabr “Müəllimlər Günü münasibəti ilə Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Əsgərova Sakibə İsmayıl qızı “Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Əməkdar müəllim” Təhsil Nazirliyinin Fəxri Fərmanı”  ilə, 36 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Əhmədov Vidadi İsəndər oğlu “ Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə, 9 nömrəli məktəbin biologiya müəllimi Quliyev Elşən Əyyub oğlu “ Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur. “2016-2017-ci tədris ilində Kəlbəcər rayon ümumtəhsil məktəbləri üzrə 553 nəfər məzun respublikamızın müxtəlif ali məktəblərinə qəbul olaraq tələbə adını qazanmışdır. Qəbul olanlardan 36 nəfəri 600-dən yuxarı, 75 nəfəri isə 500-600 arası bal toplamışdır. 2018-ci ilin aprel-may ayalarında keçirilən müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanında rayonun ümumtəhsil məktəbləri üzrə 2250 nəfər müəllim iştirak etmişdir. DQ-nin nəticələrinə əsasən 35 nəfər 0-10 bala arası, 338 nəfər 11-20 bal arası, 591 nəfər 21-30 bal arası, 631 nəfər 31-40 bal arası, 474 nəfər 41-50 bal arası, 181 nəfər 51-60 bal arası  nəticə göstərmişlər.97 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Paşayeva Leyla Fərman qızı  60 bal tolayaraq ən yüksək nəticə göstərmişdir. Elmira xanım məruzədə həmçinin buraxılış imtahanlarının nəticələri, RTŞ tərəfində tədris ili ərzində görülmüş işlər və qarşıda duran vəzifələr barədə geniş məlumat verdi.

Məruzə ətrafında çıxış edənlər:- 30 nömrəli tam orta məktəbin direktoru Kazımov Zahid Surxay oğlu, DQ-də 60 bal toplayan Paşayeva Leyla Fərman qızı və qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə(690 bal) göstərmiş Aliyev Əli Mürşüd oğlu təhsilə göstərilən diqqət və qayğıdan, eləcə də əldə etdikləri uğurlardan danışdı və RTŞ-nin müdirinin hesabatını qənaətbəxş hesab etdi. Çıxışlar başa çatdıqdan sonra söz Təhsil Nazirliyinin nümayəndəsi cənab Mirbaba Babayev verildi. Mirbaba müəllim çıxışının əvvəlində Təhsil Naziri cənab Ceyhun Bayramovu təbrik və salamlarını konfrans iştirakçılarına çatdırdı. Təhsil Nazirinin tövsiyyələrini və tapşırıqlarını bir daha təhsil işçilərinin nəzərinə çatdıraraq gələcəkdə təhsil işçilərinin işlərini bu istiqamətdə qurmağa çağırdı.

Daha sonra dəyərli tövsiyyələrini vermək üçün söz Kəlbəcər RİH-nin başçısı cənab Aqil Məmmədova verildi. Aqil müəllim bütün konfrans iştirakçılarını salamladı və onları yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. 2017-2018-ci tədris ilində əldə edilmiş uğurlara görə müvafiq məktəb rəhbərlərini, müəllimləri və abituriyentləri təbrik etdi. DQ-də zəif nəticə göstərmiş müəllimlər, eləcə də buraxılış və qəbul imtahanlarında zəif nəticə göstərmiş məktəb rəhbərlərinə öz iradlarını bildirdi. Sonra 2017-2018-ci tədris ilində uğur qazanmış bir sıra müəllim, direktor və abituriyentlərə RİH, “Aşıq Şəmşir mədəniyyət ocağı” ictimai birliyi və RTŞ-i tərəfindən fəxri fərmanlar və pul mükafatı verildi.  

Konfransın qərar layihəsini oxumaq üçün söz RTŞ-nin məsləhətçisi Qabil Həsənəliyevə verildi. Qabil müəllim 10 maddədən ibarət qərar layihəsinə konfrans iştirakçılarının nəzərinə çatdırdı və qərar layihəsi qəbul olundu. Sonda ənənəvi sentyabr konfransı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlanmış müraciəti Kəlbəcər RTŞ yanında Metod Kabinetin direktoru Zəhra İbrahimova oxudu. Bununla da konfrans I günü – plenar iclas öz işini başa vurdu.